Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2026 , 20:36

107

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Azərbaycannın güclü siyasi iradəyə, dayanıqlı iqtisadiyyata və sarsılmaz milli birliyə əsaslanan inkişaf yolu

 

Səyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

 Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi möhkəm siyasi və ideoloji əsaslar üzərində qurulan müasir Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin uzaqgörən, praqmatik və qətiyyətli rəhbərliyi ilə tarixi inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Dövlət başçısının həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə artan nüfuza malik, müstəqil mövqeyi və prinsipial yanaşmaları ilə seçilən güclü dövlət kimi tanınır.

Qürur hissi ilə vurğulamaq istərdim ki, xalqımız Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbənin yaratdığı milli birlik və qürur hissi ilə suveren dövlət quruculuğu yolunda inamla irəliləməkdədir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi tərəqqisinə yönəlmiş genişmiqyaslı islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaratmışdır. Bu strateji xəttə uyğun olaraq 2025-ci ildə də ölkəmizdə bütün sahələri əhatə edən islahatlar ardıcıl və uğurla davam etdirilmişdir.

Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün tamam olması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilmişdir. Sözügedən Sərəncamın icrası çərçivəsində hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, konstitusion dəyərlərin təşviqi, insan hüquq və azadlıqlarının təminatı sahəsində tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Bu qərar dövlət idarəçiliyində hüquqi əsasların təkmilləşdirilməsinə və suveren hüquqların praktik müstəvidə təmin olunmasına xidmət etmişdir.

Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən nəhəng bərpa və yenidənqurma işləri dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq diqqət mərkəzində saxlanılmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bölgədə yol-nəqliyyat, enerji və sosial infrastrukturun qurulması, müasir şəhər və kəndlərin salınması, hava limanlarının, tunellərin və strateji nəqliyyat-tranzit xətlərinin inşası regionun sosial-iqtisadi dirçəlişini təmin etmiş, onu innovativ və dayanıqlı inkişaf mərkəzinə çevirmişdir.

 

“Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq əhalinin doğma torpaqlarına qayıdışı 2025-ci ildə də mühüm dövlət prioriteti kimi ardıcıl şəkildə həyata keçirilmişdir. Soydaşlarımızın təhlükəsiz, layiqli və dayanıqlı həyat şəraiti ilə təmin olunması, iqtisadi aktivliyinin artırılması istiqamətində görülən işlər dövlətimizin gücünün və möhkəm iqtisadi potensialının bariz göstəricisidir.

Azərbaycan 2025-ci ildə regionun aparıcı dövləti kimi mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini və beynəlxalq nüfuzunu artırmışdır. Avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən Birgə Bəyanatın imzalanması və sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoyaraq davamlı sülh, sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açmışdır.

Onu da diqqətə çatdırım ki, Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi rəsmi səfər ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər və danışıqlar siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, humanitar və mədəni əlaqələrin inkişafına yeni impuls vermiş, Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini bir daha təsdiqləmişdir.

Xüsusilə qeyd olunmalıdır ki, bu səfər zamanı Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlət başçısının qlobal miqyasda sülhün, qarşılıqlı anlaşmanın, multikulturalizm və tolerantlıq dəyərlərinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində apardığı ardıcıl və prinsipial siyasətə verilən yüksək beynəlxalq qiymətin bariz ifadəsidir. Bu nüfuzlu mükafat eyni zamanda Azərbaycanın humanizmə, qarşılıqlı hörmətə və ümumbəşəri dəyərlərə sadiq dövlət kimi beynəlxalq imicinin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Bütün bu uğurlar göstərir ki, Azərbaycan güclü siyasi iradəyə, dayanıqlı iqtisadiyyata və sarsılmaz milli birliyə əsaslanan inkişaf yolunu inamla davam etdirir. 2025-ci ilin yekunları bir daha təsdiq edir ki, ölkəmiz müstəqil, suveren və qalib dövlət kimi gələcəyə doğru əmin addımlarla irəliləməkdədir.

Bələdiyyələrin fəaliyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, yerli özünüidarəetmə institutunun formalaşmasından ötən dövr ərzində qanunvericilik bazasının ardıcıl təkmilləşdirilməsi bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına, bələdiyyələrin institusional potensialının güclənməsinə və fəaliyyət istiqamətlərinin genişlənməsinə mühüm töhfə vermişdir. Bələdiyyələrin təşkili və fəaliyyəti ilə bağlı qəbul edilmiş çoxsaylı qanunlar, əsasnamələr və normativ hüquqi aktlar dövlətin yerli özünüidarəetməyə göstərdiyi sistemli qayğının bariz ifadəsidir.

Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunmasından sonra ilk dəfə olaraq 2025-ci ilin yanvar ayında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm mərhələ olmuşdur. Seçkilərin şəffaf, azad və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə geniş hüquqi-maarifləndirmə tədbirləri həyata keçirilmiş, Nazirliyin rəsmi internet resursları və “Bələdiyyələrlə iş” informasiya sisteminin imkanlarından səmərəli istifadə edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildən etibarən bələdiyyə aktlarının inzibati nəzarət qaydasında baxılması tam elektron mühitə keçirilmiş və ölkə üzrə bütün bələdiyyələrin aktları “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə təqdim olunmağa başlanmışdır. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da bu sistemə inteqrasiyası təmin edilmişdir. Bu yenilik bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının və bununla bağlı inzibati xətaların əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

2025-ci ildə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, onların fəaliyyətinin təşkilinə metodoloji dəstəyin gücləndirilməsi Ədliyyə Nazirliyinin diqqət mərkəzində olmuşdur. İnzibati nəzarət icraatının nəticələri ümumiləşdirilmiş, yerli özünüidarəetmədə korrupsiya riskləri qiymətləndirilmiş, hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Vurğulanmalıdır ki, 2025-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin iclaslarında yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş mühüm qanunvericilik təşəbbüsləri müzakirə olunmuşdur. Bu çərçivədə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri baxılaraq müzakirə edilmişdir.

Qeyd olunan dəyişikliklər “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 14 iyul tarixli 244-VIIQD nömrəli Qanunla təsdiq edilmişdir.

Həmin Qanunun tətbiqinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2025-ci il tarixli 465 nömrəli Fərmanı imzalanmış, Fərmanın icrası ilə bağlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2025-ci il tarixli müvafiq Sərəncamı qəbul edilmişdir.

2025-ci ildə bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşması nəzərə alınaraq onların nizamnamələrinin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi prosesi uğurla yekunlaşdırılmışdır. Bu məqsədlə Nazirliyin aidiyyəti struktur bölmələrinin birgə təşkilatçılığı ilə regional ədliyyə idarələrinin əməkdaşları üçün təlimlər keçirilmiş, qanunvericiliyin tələblərinə uyğun sənəd nümunələri təqdim edilmişdir. Nəticədə ölkə üzrə yaradılmış bütün bələdiyyələrin nizamnamələrinin təsdiqi və dövlət reyestrinə daxil edilməsi təmin olunmuşdur.

Bələdiyyələr 2025-ci ildə də sosial xarakterli məsələlərin həllində fəal iştirak etmiş, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Eyni zamanda qlobal pandemiyanın nəticələrinin aradan qaldırılması dövründə əhalinin sağlamlığının qorunması ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilmişdir.

Yerli özünüidarəetmənin davamlı inkişafı naminə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, bələdiyyələrin milli assosiasiyalarının institusional potensialının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində məqsədyönlü addımlar atılmışdır.

Ümumilikdə, 2025-ci ilin yekunları göstərir ki, həyata keçirilmiş tədbirlər bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, onların yerli özünüidarəetmə orqanı kimi nüfuzunun möhkəmləndirilməsinə və yerli əhali ilə qarşılıqlı münasibətlərin daha səmərəli qurulmasına xidmət etmişdir. Qarşıdakı dövrdə də mövcud problemlərin aradan qaldırılması və yerli özünüidarəetmənin daha effektiv institut kimi formalaşması üçün səylərin birləşdirilməsi əsas prioritet olaraq qalacaqdır.

 

Rəylər

0 Rəy


Rəy yaz